Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlim səfəri 23 oktyabr 2023-cü il tarixində Portuqaliyanın Ali Texniki İnstitutunda öz işinə başlayıb. 23-27 oktyabr tarixlərini əhatə edən işgüzar səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, layihədə iştirak edən 11 Azərbaycan ali təhsil müəssisəsinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri, eləcə də layihənin İsveç, Polşa, İspaniya, Estoniyadan olan xarici tərəfdaş universitetlərinin nümayəndə heyəti iştirak ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov, Sosial-siyasi elmlər kafedrasının dosenti Turxan Süleyman və Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini Elçin Cəfərov təmsil etmişdir.
Təlimlərin əsas məqsədi innovasiya və sahibkarlıq fəaliyyətləri və tədbirlərinin universitetdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsidir.
5 günlük təlim proqramına uyğun olaraq iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyası, texnologiya əsaslı sahibkarlıq proqramları kimi mövzularda təqdimatlarla tanış olaraq və müzakirələr aparmış, o cümlədən Lizbonda yerləşən bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərini ziyarət ediblər.
Təlimlərin yekununda isə layihənin cari vəziyyətinin təhlilinin aparılması və gələcək 6 ay üçün fəaliyyət planının qurulması, eləcə də layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə 5 gün müddətində keçirilən təlim və təqdimatlara əsasən komanda işlərinin təşkili və Portuqaliyalı partnyotlarla qarşılıqlı fikir mübadilələrinin aparılması nəzərdə tutulub.