Dekabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Heydər Əliyev məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva günün məna və dəyərindən danışıb. Ümummilli Lider Heydər Əliyevin zamanında bu günü hansı çətinliklərlə ölkəmizə və dünya azərbaycanlılarına bəxş etdiyini xatırladan prorektor Həmrəylik Gününü də Ulu Öndərin öz xalqı qarşısında növbəti ən böyük xidmətlərindən biri kimi dəyərləndirib.
ADMİU-nun Kulturologiya fakültəsinin dekanı, Yeni Azərbaycan Partiyasının (YAP) universitet üzrə sədri Vasif Adilov çıxış edərək bildirib ki, 30 ildən sonra ilk dəfədir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü suveren Azərbaycanımızda, Qarabağda, Xankəndində də qeyd olunur. Azərbayucanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən və 2023-cü ilin sentyabrında baş verən anti-terror əməliyyatları ilə Xankəndi və işğal altında olan digər bütün torpaqların da azad edilməsindən danışan V.Adilov bu qələbədə dünyanın hər yerində yaşayan azərbaycanlıların payı olduğunu vurğulayıb, müharibə zamanı və ondan sonrakı dövrdə həmvətənlərimizin ayrı-ayrı ölkələrdə keçirdikləri aksiyaları, tədbirləri xatırlayıb.
Daha sonra tələbələr Nəbi Vəliyev, Məleykə Süleymanova, İntizar Qasımzadə, Rəvan Mustafazadə və Əfsun Məmmədli “Heydər Əliyev və Həmrəylik günü”, “Heydər Əliyev və Dünya azərbaycanlıları”, “Heydər Əliyev və gənclik”, “İlham Əliyev və gənclik” mövzusunda məruzələrlə çıxış ediblər.