Dekabrın 17-də Bakı İdman Sarayında “Yaponiya Mədəniyyət və Budo Festivalı” adlı tədbir keçirilib.
Festivalda Yaponiyanı təmsil edən müxtəlif qurumlar, idman federasiyaları, təhsil ocaqları, şirkətlər iştirak edərək yapon mədəniyyətini və budo döyüş sənətinin nümunələrini təqdim ediblər.
Tədbirdə ənənəvi yapon mədəniyyətinin nümunələri olan çay mərasimi, kalliqrafiya, kimono, ikebana, oriqami ilə yanaşı, müasir mədəniyyət nümunəsi olan kospley nümayişləri də yer alıb. Karate, cüdo, aikido, kendo kimi yapon döyüş sənətləri üzrə nümayişlər, yapon rəqsləri və mahnıları, kalliqrafiya performansı kimi səhnə çıxışları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistr pilləsində təhsil alan Ayla Şiriyeva və bakalavr pilləsinin tələbəsi Aida Kərimova yapon dilində mahnılar ifa ediblər.
Tələbələrin müəllimi Musiqi sənəti fakültəsinin “Estrada sənəti” kafedrasının müəllimi, Əməkdar artist İnarə Babayevadır.