Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində 11 Azərbaycan universitetinin müvafiq əməkdaşlarından ibarət nümayəndə heyəti Polşanın Bıdqoş şəhərində işgüzar səfərdə olublar. 4-8 dekabr tarixlərində baş tutan təlimlərə Polşanın sahibkar universitetlərindən biri Bıdqoş İqtisadiyyat Universiteti (WSG) ev sahibliyi edib. Səfərdə digər universitetlərin nümayəndələri, layihə konsorsiumuna daxil olan Azərbaycan universitetlərinin prorektor, dekan, kafedra müdiri və digər inzibati və akademik heyət üzvləri ilə yanaşı, ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, dosent Elçin Cəfərov və Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov da iştirak edib.
Təlimin əsas məqsədi ali təhsil müəssisələrində sahibkarlıq təfəkkürünün və sahə üzrə fəaliyyətlərin inkişaf etdirilməsi, sahibkarlığın strategiya, kurikulum və tədqiqata inteqrasiyası və universitet-sənaye əməkdaşlığının gücləndirilməsindən ibarətdir. Təlim proqramı sahibkarlığın təhsil və tədqiqata inteqrasiyası mexanizmini əhatə edən və müxtəlif istiqamətlərə yönəlmiş müzakirələr, təqdimatlar və praktiki sessiyalarla zəngin olub. İştirakçılar, tanınmış mütəxəssislər tərəfindən aparılan sessiyalarda iştirak edərək, mövzular üzrə dərin bilik və təcrübələr əldə ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Üç il müddətində reallaşdırılması nəzərdə tutulan ENGAGE layihəsinin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, Azərbaycan universitetlərində innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsidir.