Dekabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinində (ADMİU) rəhbərliyi Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan tədbirdə AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar H.Əliyevin büstünü ziyarət edib, önünə çiçəklər düzüblər.
Tədbiri giriş sözüylə açan Universitetin rektoru, professor Ceyran Mahmudova qonağı salamlayıb və bildirib ki, hər il Ulu Öndərin anım günü ərəfəsində ənənəvi olaraq onun xatirəsi ADMİU-nun kollektivi tərəfindən yad edilir, onun haqqında tədbirlər, dəyirmi masalar, elmi seminarlar, sərgilər keçirilir.
Bu il ölkəmiz üçün Ümummilli Liderin 100 illik yubileyi kimi önəmli bir tarixlə əlamətdar olduğunu deyən xanım rektor rəhbərlik etdiyi ali təhsil ocağının yubileyinin də bu ilə təsadüf etməsindən məmnunluğunu dilə gətirib.
Rektor qeyd edib ki, Bu gün Mədəniyyət və İncəsənət Universitetində dərs deyən, hazırda bu tədbirdə iştirak edən Azərbaycan mədəniyyətinin tanınmış simalarına çevrilmiş sənətkarlarımız var ki, onların Heydər Əliyev dühasıyla bağlı xatirələri çoxdur.
Daha sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov belə mühüm tədbirə dəvət üçün C.Mahmudovaya öz təşəkkürünü bildirib, Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibəti ilə ali məktəbin bütün kollektivini təbrik edib.
Çıxışında Heydər Əliyev dühasıyla bağlı öz maraqlı xatirələrini bölüşən M.Mərdanov Ulu öndərin bütün həyat və fəaliyyətini Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafına və möhkəmlənməsinə həsr etdiyini vurğulayıb.
Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Sonda rektor C.Mahmudova professor Misir Mərdanova və iştirakçılara öz təşəkkürünü bildirib, Heydər Əliyevin qəlblərdə, xatirələrdə, Azərbaycan tarixində əbədi yaşayacağını bir daha vurğulayıb.