Dekabrın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyini təbrik etmək üçün bəzi region universitetlərinin rektorları ADMİU-nun qonağı olublar.
Qonaqları salamlayan ADMİU-nun rektoru professor Ceyran Mahmudova onlara göstərdikləri böyük diqqət üçün təşəkkür edib və bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının 100 illik yubileyinin ölkənin bir sıra böyük ali məktəblərində qeyd olunması sonsuz sevinc və fəxrdir: "Bu, ölkə üzrə çox nadir hadisələrdəndir ki, bir universitetin yubileyi neçə-neçə ali məktəblərdə qeyd olunur. Biz buna görə çox şadıq və fəxr edirik. Bilirik ki, bunun səbəbi də universitetimizin 100 illik yolu, bu yolda yetişdirdiyi böyük sənətkarlarımızdır. Biz kollektivimizin hər bir üzvü ilə, eləcə də tələbələrimizlə qürur duyuruq".
Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov çıxışında ADMİU-nun kollektivini yubiley münasibəti ilə təbrik edib, bu ali məktəbin Azərbaycan incəsənətində və təhsilindəki önəmli rolundan danışıb. Mədəniyyət və İncəsənət Universitetinin kollektivinin bir neçə dəfə LDU-da qonaq olduqlarını deyən rektor onların konsert və tamaşalarını rəhbərlik etdiyi təhsil müəssisəsində izləməkdən məmnunluğunu ifadə edib.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov da kollektivi yubiley münasibəti ilə təbrik edərək deyib ki, bir ali təhsil müəssisəsi üçün 100 illik keçmişə malik olmaq böyük xoşbəxtlik və məsuliyyətdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ADMİU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamı xatırladan Ş.Bayramov bunu spesifik təhsil istiqaməti olan ali məktəbə və onun yetirmələrinə olan böyük diqqət, qayğı kimi dəyərləndirib.
Təbriklərə qoşulan Gəncə Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxışında bildirib ki, ADMİU-nun ali təhsil sistemində xüsusi yeri var. Qonaq rektorların hər üçünün Təhsil Nazirliyində çalışdığı dönəmdə ADMİU ilə sıx əlaqədə olduqlarını və buradakı mühiti yaxşı bildiklərini deyən Y.Ömərov bu universitetlə çalışmağın hər zaman xoş olduğunu vurğulayıb: "Çünki burada ənənəvi mühitdən fərqli, insanın ruhunu oxşayan ab-hava var. Bu universitetə daxil olarkən dəhlizdən, auditoriyalardan eşidilən musiqi sədaları bizi hər zaman sevindirib".
Daha sonra ADMİU-nun kafedra müdiri, Əməkdar İncəsənət Xadimi, professor Əli Əmirli, Xalq rəssamı, professor Xanlar Əhmədov, professor Məryəm Əlizadə, Xalq artisti Oqtay Mirqasımov və ADMİU-nun kafedra müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək qonaqları salamlayıb, əməkdaşı olduqları universitetin 100 illik yubileyinə göstərilən diqqət və qayğıdan məmnunluqlarını dilə gətiriblər.
Sonda ADMİU-nun rektoru Ceyran Mahmudova həmkar qonaqlarına 100 illiklə bağlı hazırlanmış xüsusi xatirə hədiyyələri təqdim edib. O cümlədən, region universitetlərinin rektorları da öz növbələrində C.Mahmudovaya xatirə hədiyyələri veriblər.