Noyabrın 29-da Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə millət vəkilləri, müxtəlif təşkilatların təmsilçiləri, tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media mənsubları iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Konsertdən öncə BANM-nin rektoru Elmar Qasımov çıxış edərək Mədəniyyət və İncəsənət Universitetinin kollektivini 100 illik yubiley münasibəti ilə təbrik edib, onları rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Bu il Bakı Ali Neft Məktəbinin də 12 yaşının tamam olduğunu vurğulayan rektor rəhbərlik etdiyi universitetə də ADMİU kimi bir əsri uğurla başa vurmağı arzulayıb. ADMİU-nun gələcək fəaliyyətində uğurlar arzulayan rektor iki universitet arasındakı dostluq münasibətindən və işgüzar əlaqələrdən danışıb, bu dostluğun gələcəkdə də davamlı olacağına inandığını vurğulayıb.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxışında qonaqpərvərliyə görə Bakı Ali Neft Məktəbinin rəhbərliyinə, şəxsən rektor Elmar Qasımova təşəkkürünü bildirib, 100 illik yubileylə bağlı görülən işlərdən danışıb. Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamını xatırladan xanım rektor bu sərəncamın kollektivi çox sevindirdiyini və böyük məsuliyyət olduğunu qeyd edib.
C.Mahmudova Mədəniyyət və İncəsənət Universitetinin bu 100 ildə Azərbaycan incəsənətinə saysız-hesabsız sənətkarlar bəxş etdiyini deyib, onlar və ümumən universitetin tarixi haqqında yeni nəşrlərin hazırlandığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Fazil Mustafa, Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov Azərbaycanın ilk yaradıcı ali təhsil ocağı olan Mədəniyyət və İncəsənət Universitetini 100 yaşı münasibəti ilə təbrik edib, onun Azərbaycan incəsənətinin bir əsrlik tarixindəki mühüm və əvəzsiz rolundan danışıblar.
Daha sonra tədbir iştirakçıları ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsertə tamaşa ediblər.
Konsert ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifası ilə başlayıb.
Daha sonra ADMİU-nun Xalq çalğı alətləri ansamblı (bədii rəhbər: Əməkdar artist Əliağa Sədiyev), ADMİU-nun tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər və baş dirijor: Respublika və Beynəlxalq müsabiqələr laureatı, ADMİU-nun baş müəllimi Mustafa Aşurov), Xalq artistləri Teyyub Aslanov, Simarə İmanova, Əməkdar Mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun müəllimləri İsmayıl Zülfüqarov, Səxavət Məmmədov, Qəlbinur İbrahimli, tələbələr Lalə İsmayılova, Əvəzxan Əzizov, Fərqanə Xudiyeva, magistrantlar Sərvər Yılmaz, Bəxtiyar Quliyev, Məlik Məmmədov, Almaxanım Əhmədli, Vüqar Əbilov, Məmməd Məmmədli, məzunlar Gülşən Əliyeva, Vüsal Qasımov, Aytac Fərəcovanın ifasında səslənən musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb.