Noyabrın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq Fakültəsinin Dizayn və Dekorativ-Tətbiqi Sənət kafedrasının Baş müəllimi Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Vüqar Əlinin paytaxtın "QQallery" qalereyasında "Dastan" adlı fərdi sərgisi açılıb.
Sərginin açılışında çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova Vüqar Əlinin bir rəssam və pedaqoq kimi yaradıcılığından danışıb, ona daha böyük uğurlar arzu edib.
Xalq rəssamı, ADMİU-nun kafedra müdiri Arif Əziz fərdi sərgisi münasibəti ilə rəssamı təbrik edərək onun yaradıcılıq məziyyətlərindən danışıb.
Qeyd edilib ki, Vüqar Əlini öz mənzərəli dastanlarında dərin fəlsəfi məzmunu və etik istiqamət üzrə dəyişməz estetik dəyərləri tərənnüm edən aşıq adlandırmaq olar. Rəssam xalqının keçmişinə və bu gününə biganə deyil.
Rəsmlərində onun müasir problemlərə, dövrün qəhrəmanlıq nümunələrinə aludəçiliyi özünü aydın şəkildə büruzə verir. Müəllif bəşəriyyətin həyatını öz daxili aləmində hiss edir, eyni zamanda, sadə insanların həyat tərzini peşəkarlıqla duya bilir. Rəssamın əsərləri həqiqət və yeniliyin təzahürləri ilə doludur.
Sonda çıxış edən müəllif sərgi göstərdikləri marağa görə bütün qonaqlara və çıxışçılara öz təşəkkürünü bildirib.
Kompozisiyasına 30-dan çox rəsm əsəri daxil edilmiş sərgi noyabrın 9-na kimi davam edəcək.