Oktyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Türk dünyası sənədli film festivalı keçirilib.
Festivala Türk dünyasından və Azərbaycandan alimlər, sənət adamları, mətbuat nümayəndələri qatılıblar.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, hər kəsi rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.
Bu ildə Ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin və ADMİU-nun 100 illik yubileyləri kimi əlamətdar tarixlərin cəmləndiyini deyən xanım rektor bu böyük tarixlərin hər biri ilə bağlı universitetdə möhtəşəm silsilə tədbirlər keçirildiyini və il sonuna qədər də davam edəcəyini nəzərə çatdırıb.
Daha sonra müzakirələr öz işinə başlayıb.
Türkiyəli alimlər Nazan Kahraman və Hasan Erçakıcanın aparıcılığı ilə keçən iki dəyirmi masada Kairat Omirbayuly, Sərhat Madsar, Kunduz Yeraliyeva, Firuz Mehdiyev, Banu Erşanlı Taş, Elif Asude Tunca və başqalarının bir-birindən maraqlı məruzələri dinlənilib.
Günün sonunda Türk dünyası sənədli Film festivalında mükafata layiq görülmüş sənədli film nümayiş olunub.