ADMİU-da MBA Proqramı üzrə təhsil səviyyəsini nəzərə alaraq Kitabxana-İnformasiya Mərkəzi fondunu bu istiqamətdə yeni çapdan çıxmış ənənəvi və elektron nəşrlərlə zənginləşdirir. Bu məqsədlə, Azərbaycan Beynəlxalq Bankına edilmiş müraciət əsasında “Maraqlı MBA – rəhbərin masaüstü kitabı” adlı nəşr əldə olunub. Bankın maliyyə dəstəyi ilə çap olunan kitabın müəllifi bank-maliyyə sahəsində geniş təcrübəyə malik olan Elşən Bədirxanovdur. Kitab rəhbərə lazım ola biləcək, əksər mövzuları əhatə edir. Nəşrdə müəllif yanaşması ilə birlikdə görkəmli biznes müəllifləri və rəhbərlərinin təcrübəsi də yer alıb. Kitab korporativ mədəniyyət, liderlik, motivasiya, emosional intellekt, danışıqların aparılması, vaxtın, dəyişikliklərin, layihələrin idarəedilməsi, kritik və sistemli, strateji menecment mövzularına həsr olunan fəsillərinin biznes top menecerlərlə yanaşı, biznes sahibləri, eləcə də tələbələr üçün faydalı mənbədir. Nəşrdən Kitabxana-İnformasiya Mərkəzinin oxu zalında istifadə etmək olar.