Sentyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan rektor professor Ceyran Mahmudova milli musiqi gününün qeyd olunmasının əhəmiyyətindən və Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətində yerindən danışıb.
Rektor çıxışında Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğunu, onun müxtəlif janrlarda ölməz əsərlər yaratdığını vurğulayıb. Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisini nota salaraq, elmi əsaslarla tədqiq etdiyini və milli musiqimizi dünya səviyyəsinə çatdırdığını söyləyən professor, Ü.Hacıbəylinin zəngin və çoxşaxəli yaradıcılığa malik mədəni irsinin Azərbaycan xalqı və dövləti tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğulayıb.
Sonra Musiqi sənəti fakültəsinin “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri professor Kamilə Dadaşzadə çıxış edərək, Milli musiqi günündən, dünya şöhrətli bəstəkarın çoxşaxəli fəaliyyətindən, sanballı ədəbi irsindən, musiqi sənətimizə gətirdiyi yeniliklərdən danışıb.
Rəsmi hissədən sonra maraqlı konsert proqramı nümayiş olunub. Bədii hissədə ADMİU-nun xor kollektivinin (bədii rəhbər Təranə Yusifova), Aşıq sənəti kafedrasının tələbələrinin və Mustafa Aşurovun rəhbəri olduğu ADMİU-nun Xalq Çalğı Alətləri orkestrinin ifasında Üzeyir Hacıbəyli və Azərbaycan musiqisinin korifey bəstəkarlarının yaradıcılığından nümunələr səslənib.
Sonda ADMİU-nun prorektoru Sədaqət Əliyeva, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova və Xalq artisti, professor Vamiq Məmmədəliyev çıxış edərək bütün musiqiçiləri və musiqisevərləri bayram münasibəti ilə təbrik edib, gözəl konsert proqramına görə zəhməti keçən hər kəsə təşəkkürlərini bildiriblər.