Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) konfransda ADMİU Tələbə Həmkar İttifaqı Komitəsinin (THİK) sədri Cavid Əhmədov və Kulturologiya, Musiqi sənəti və Teatr sənəti fakültəsinin tələbələri təmsil ediblər.
Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
İştirakçıları salamlayan AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi.
“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”.
“Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində fəal dəstək verir. Həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini 29 yaşadək gənclər təşkil edir. Biz də gənclərin həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndiririk və onları həmkarlar ittifaqlarının gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik”, - Milli Məclisin deputatı qeyd edib.
Daha sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov və digərləri çıxış edərək Ümummilli Liderin milli dövlətçilik siyasətindən, ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində atdığı addımlardan, ordu quruculuğundan, onun müdrik rəhbərliyi sayəsində ölkəmizin qazandığı fundamental nailiyyətlərdən, həmçinin hazırda Azərbaycanda gənclərin inkişafı üçün yaradılmış şəraitdən və 44 günlük Vətən müharibəsində gənclərin rəşadətindən danışıblar.