Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor, Rəssamlıq fakültəsi “Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, Dünya Rəssamlıq Akademiyasının akademiki, Xalq rəssamı Arif Əziz bu günlərdə Macarıstanda səfərdə olub.
Professor A.Əziz TÜRKSOY təşkilatı və Macarıstanın “Lakitelek” fondunun təşkilatçılığı ilə keçirilən “Türk dünyası rəssamlarının tematik görüşü”ndə iştirak edib.
Səfər çərçivəsində Macarıstan Milli Məclisində “Türk dünyası rəssamlarının tematik görüşü” silsiləsindən mətbuat konfransı keçirilib. Görkəmli macar şairi Şandor Petöfinin anadan olmasının 200-cü ildönümünə həsr olunmuş tədbirin təşkilatçıları qismində TÜRKSOY təşkilatı və Macarıstanın “Lakitelek” fondu çıxış ediblər.
TÜRKSOY-un Baş katibi Sultan Raev “Türk dünyası rəssamlarının tematik görüşü” silsiləsindən birinci tədbirin məşhur şair, Macarıstanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri olmuş Şandor Petöfinin anadan olmasının 200-cü ildönümünə həsr edilməsindən məmnunluğunu ifadə edib.
Macarıstan Milli Məclisinin vitse-spikeri Şandor Lejaka, öz növbəsində, bildirib ki, Türk dünyasının rəssamları avqustun 25-dən bəri Lakitelekdə yerləşən rəssamlıq düşərgəsində öz əsərlərini yaradırlar. Bu tablolar görkəmli macar şairinin anadan olmasının 200 illiyinə həsr edilib.
Sentyabrın 2-də Lakitelekdə TÜRKSOY-a üzv olan altı ölkədən gəlmiş 11 rəssamın Şandor Petöfinin şeirlərinin motivləri üzrə yaratdığı tablolardan ibarət sərgi açıləb. Rəsm əsərləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın tanınmış rəssamları tərəfindən təqdim edilib.