Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin Kitabxana-informasiya təminatı ixtisası üzrə 3-cü kursda təhsil alan 8 tələbəsinin ADMİU Kitabxana-İnformasiya Mərkəzində diplomqabağı təcrübəsi başa çatıb. Cari ilin fevral ayının 16-dan iyulun 7-dək baş tutan təcrübədə iştirak edən hər bir tələbə müvafiq qaydada təlimatlandırılıb, onlara mərkəzin iş şəraiti və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib. Tələbələr mərkəzdə kitabxana-biblioqrafiya və informasiya proseslərinin elektronlaşdırılması və rəqəmsal kitabxananın yaradılması ilə yaxından tanış olublar. Sahəvi sənəd-informasiya fondlarının universitetin fakültələrində təşkil edilən tədris proqramlarına və elmi-tədqiqatların mövzularına uyğun çap və elektron nəşrlərlə komplektləşdirilməsi, eləcə də sənədlərin elmi sistemləşdirilməsi sahəsində mərkəzin iş təcrübəsini hərtərəfli öyrəniblər.
Təcrübə müddətində sənəd-informasiya fondunun istifadəsi, təbliği və mühafizəsinin təşkili, elmi-tədqiqatların və təhsilin analitik-informasiya təminatı istiqamətləri üzrə həyata keçirilən işlərə cəlb olunan tələbələr, oxuculara kitabxana-biblioqrafiya və informasiya xidmətinin tam və operativ qaydada həyata keçirilməsinə böyük maraq göstəriblər. ADMİU-da təşkil olunan kitab sərgilərində və digər ali məktəblər tərəfindən keçirilən tədbirlərdə fəal iştirak ediblər. Tələbələrin praktiki hazırlığına rəhbərlik edən Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova tərəfindən müəyyən edilmiş mövzular əsasında tərtib olunmuş referatlar uğurla müdafiə edilib və müvəffəq qiymətlərlə təcrübə yekunlaşıb.