İyunun 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Məzun günü" keçirilib. Ali təhsil ocağının 100 illik yubileyi çərçivəsində baş tutan tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər, eləcə də əvvəlki illərdə universitetin məzunu olmuş tanınmış sənətçilər iştirak ediblər. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissəsinin açılışını edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bütün məzunları bu münasibətlə təbrik edib, universitetdənkənar həyatlarında da uğurlar və müvəffəqiyyətlər arzulayıb. Bu ilki məzuniyyətin universitet üçün önəmli zamana təsadüf etdiyini bildirən xanım rektor 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100, Azərbaycanın ilk peşəkar milli teatrının 150 və nəhayət, Azərbaycanın ilk yaradıcılıq yönümlü ali təhsil ocaqlarından biri olan 100 yaşlı ADMİU-nun 100 illik yubileylərinin qeyd olunduğunu xatırladıb. C.Mahmudova məzunlara ADMİU-nun 100 illik tarixində yeri olan, bu ali məktəbdə təhsil alaraq ölkəmizin adını ucaldan, öz yaradıcılıqları ilə Azərbaycan mədəniyyətini və incəsənətini inkişaf etdirən tanınmış sənətkarlar kimi uğur qazanmağı, mədəniyyətimizə layiqincə xidmət etməyi arzulayıb.
Rektorun çıxışından sonra ADMİU-nun bir sıra tanınmış məzunlarının təbriklərinin və ürək sözlərinin yer aldığı video-çarx təqdim olunub.
Sonra fakültələr üzrə məzunlar səhnəyə dəvət olunublar. Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, Kulturologiya fakültəsinin dekanı Vasif Adilov, Kino və Televiziya fakültəsinin dekanı Elnur Mehdiyev, Teatr sənəti fakültəsinin dekanı Böyükxanım Talıbova, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu ediblər.
Coşğulu Qraduasiya mərasimindən sonra Məzun gününün rəsmi hissəsi sona yetib.
Bədii hissədə ADMİU-nun məzunu olmuş sənətçilər şən musiqi nömrələriylə çıxış ediblər.