İyunun 8-də "Heydər Əliyev İli" çərçivəsində Yasamal Rayon Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Akademik Milli Dram Teatrında tədbir keçirilib.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin "Xəzər" tələbə xor kollektivinin (xor dirijoru və bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Daha sonra Azərabaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə davam edən tədbirdə rəsmi nümayəndələr çıxış edərək Ulu Öndərin mənalı həyat yolu, zəngin, çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu vurğulayıblar. Qeyd olunub ki, onun layiqli davamçısı, Prezident İlham Əliyevin əzmkar və yorulmaz fəaliyyəti nəticəsində daha da inkişaf edən Azərbaycan bu gün bütöv, azad və yenilməz bir ölkədir.
Tədbirin bədii hissəsində ADMİU-nun Musiqi sənəti fakültəsinin dosenti, Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova çıxış edərək tamaşaçılara xoş ovqat bəxş edib.