İyunun 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “Pillə-2” Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri, tələbələr və media nümayəndələri iştirak ediblər.
Öncə “Pillə-2” Tələbə Tamaşaları Festivalından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova ikinci dəfə keçirilən festivalın əhəmiyyətini vurğulayıb, hər bir festivalın bir bayram olduğunu deyib. Nəticəsindən asılı olmayaraq, “Pillə” festivalının tələbələrin gələcək uzun və uğurlu sənət yolları üçün önəmli bir pillə olduğuna inandığını deyən rektor iştirakçıları və qalibləri təbrik edib.
Professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, Əməkdar artist Gülşad Baxşıyeva və digər çıxışçılar iştirakçıları təbrik edərək, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıblar.
Sonra qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” və “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə mükafatlar təqdim olunub. Habelə, BDU-nun festivaldakı iştirakçılarına diplom verilib.
“Ən yaxşı kişi rolu”na görə ADMİU-nun IV kurs tələbəsi Elməddin Zakirli (“Nazirin xanımı”), “Ən yaxşı qadın rolu”na görə III tədris ilində təhsil alan Nigar Mürsəlova (“Cəhənnəm sakinləri”) qalib olublar. Həmçinin, “Nazirin xanımı” (kurs rəhbəri Gülşad Baxşıyeva) əsəri “Ən yaxşı tamaşa”, “Yad” tamaşası isə “Gənc ekspertlərin mükafatı” (“SABAH” qrupları, kurs rəhbəri Ceyhun Dadaşov) nominasiyalarına layiq görülüblər. Qaliblərə pul mükafatları və müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 5-9 iyun tarixlərində davam edən festivalda ADMİU-nun aktyor və rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin tamaşaları, o cümlədən, Bakı Dövlət Universitetinin təqdim etdiyi “Yarımçıq qalmış” tamaşası nümayiş olunub. Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşib.