Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq artisti Oqtay Mirqasımovun 80 illik yubileyidir.
Oqtay Mirqasımov 12 iyun 1943-cü ildə Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Bakıya qayıdır və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayır. Oqtay Mirqasımov bir çox sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir.
“Azərbaycan haqqında etüd” (1969) “Bakı haqqında 10 dəqiqə” (1970), “1001-ci qastrol” (1974), “Gümüşü furqon” (1982), “Azərbaycan kinosu-80” (1996), “Arzularını çəkən rəssam” (2007), “Günaydın, mələyim! (2008), “Qisas almadan ölmə. Keçmişdən məktublar” (2014) və digər filmlərin rejissorudur.
Onun filmləri Ümumittifaq festivallarında bir çox mükafatlara layiq görülüb. Oqtay Mirqasımov 1993-2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb.
2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.
Eləcə də, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Xalq artisti Oqtay Mirqasımovun təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “İstiqlal” ordeni ilə təltif edilib.
Həmçinin, uzun illərdir Universitetimizdə pedaqoji fəaliyyət göstərərək yeni-yeni mütəxəssislərin hazırlanmasında müstəsna rol oynayan professorumuzu ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti adından 80 illik yubileyi və “İstiqlal” ordeninə layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.