İyunun 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə keçirilən “PİLLƏ 2” Tələbə Tamaşaları Festivalının açılış mərasimi baş tutub.
Mərasimdə universitet rəhbərliyi, tanınmış incəsənət xadimləri, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbirin moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov festival haqqında məlumat verib, ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan festivalın ötən il “ADMİU 99+” layihəsi çərçivəsində ilk dəfə keçirildiyini nəzərə çatdırıb. E.Cəfərov bu il festivalın daha da təkmilləşdiyini və genişləndiyini bildirərək, qeyd edib ki, ilk dəfə olaraq başqa bir universitetdən- Bakı Dövlət Universitetindən də qonaq tamaşa nümayiş olunacaq.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bu il ikincisi keçirilən festivalı universitetin həyatında çox mühüm hadisə adlandırıb və festivalın tələbələrin gələcək uzun aktyorluq karyeralarında önəmli və uğurlu pillə olacağına inandığını deyib.
Çıxışının sonunda rektor festivalın işinə uğurlar arzulayıb, hər kəsi festival boyunca nümayiş edilən tamaşalarda və müzakirələrdə aktiv iştirak etməyə çağırıb.
Çalışdığı universitetin 100 illik yubileyində iştirak etməyin böyük şərəf olduğunu deyən Əməkdar İncəsənət Xadimi, ADMİU-nun “Teatrşünaslıq” kafedrasının müdiri, professor Aydın Talıbzadə bu cür festivalın həm tələbə-aktyorların, həm də tələbə-teatrşünasların təcrübəsində önəmli rol oynayacağını vurğulayıb.
Qeyd olunub ki, iyunun 9-na kimi davam edəcək festivalda ADMİU-nun Aktyor və Rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrin tamaşaları, o cümlədən Bakı Dövlət Universitetinin təqdim etdiyi “Yarımçıq qalmış” tamaşası nümayiş olunacaq. Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyi ilə müəyyənləşəcək.
Qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” və “Gənc ekspertlərin mükafatı” nominasiyaları üzrə mükafatlar təqdim olunacaq.
Festival tamaşalarının müzakirəsində tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu da iştirak edir. Festival haqda ən yaxşı məqalə müəllifi olan tələbə də universitet tərəfindən mükafatlandırılacaq.
Artıq ikinci dəfə keçirilən Pillə festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir. Festival “Teatro.az” sənət portalının informasiya dəstəyi, “Ballı Bisi” şirniyyat evi və “Sahib” parfümeriya şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.
Açılış mərasimindən sonra festivalın ilk günü Teatr sənəti fakültəsinin 4-cü kurs tələbələrinin ifasında B.Nuşiçin “Nazirin xanımı” (kurs rəhbəri: Əməkdar artist Gülşad Baxşıyeva) və III kurs rus bölməsi tələbələrinin ifasında S.Mrojekin “Karol” (kurs rəhbəri: Ruslan İsmayılov) tamaşaları nümayiş edilib.