İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə F.Əmirov adına 6 saylı Onbirillik İncəsənət məktəbində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.
Konsertin əvvəlində məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifova çıxış edərək qonaqları salamlayıb, bildirib ki, hər il açıq havada keçirilən bayram konserti bu gün fərqli bir proqramla, ADMİU-nun tələbələrinin iştiraki ilə keçirilir: “Sevindirici haldır ki, təhsil ocaqlarımızın birgə əməkdaşlığı nəticəsində gənc nəsil Azərbaycan musiqi mədəniyyətimizin inkişafında kiçik də olsa, öz töhfələrini verirlər".
ADMİU-nun Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının müdiri, dosent Cəmalə Nəsirova çıxışında Adilə Yusifovaya məktəbin səmimi və isti münasibətinə görə universitet adından təşəkkürünü bildirib, məktəbin istedadlı şagirdlərinə yaradıcılıq işlərini davam etdirərək incəsənət sahəsində ali təhsil alıb, seçdikləri istiqamətdə püxtələşməyi arzu edib.
İki hissəli konsert bir-birinin ardınca maraqlı əsərlərlə tamaşaçıların zövqünü oxşayıb. Konsertin II hissəsində məktəbin şagirdləri çıxış edərək əsl bayram ab-havası yaradıblar. Maraqlı konsertə görə iştirakçılara təşəkkürünü bildirən direktor A.Yusifova qonaqlara və universitetin tələbələrinə məktəbin adından "Fikrət Əmirov adına 6№li Onbirillik İncəsənət məktəbi" adlı kitabını və flayerləri təqdim edib.