24-26 may tarixlərində Beynəlxalq Akkreditatsiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) təşkilatçılığı T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının Akkreditatsiyadan keçirilməsi ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Audiovizual sənətlər fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnur Mehdiyev kino-televiziya sahəsi üzrə ekspert şurasının üzvü qismində dəvət olunub. Səfər müddətində T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının keyfiyyət təminatı standartları, təhsil proqramları, tədris planları, özünüqiymətləndirmə meyarları ilə tanış olub və obyektiv qiymət verib.
T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasında keçirilən Rejissorluq ixtisası üzrə imtahanlarda qonaq qismində iştirak edən E.Mehdiyev eyni zamanda, Akademiyanın səsyazma studiyasında, kino pavilyonunda, kino zalında, televiziya studiyasında, heykəltaraşlıq emalatxanasında monitorinq keçirib, tələbələr üçün yaradılan şəraiti və maddi-texniki bazasını qiymətləndirib.
Həmçinin, E.Mehdiyev səfər çərçivəsində Şaken Aymanov adına "Qazaxfilm" kinostudiyasında bir sıra tanınmış kinematoqrafçıları ilə görüş keçirərək fikir mübadiləsi aparıb.
Görüş zamanı Elnur Mehdiyev ADMİU-nun rəhbərliyi adından Lətif Kərimovun kitabını Akademiyanın tədris işlər üzrə prorektoruna hədiyyə edib.