Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru və nümayəndə heyəti Özbəkistanda səfərdə olublar.
Oktyabrın 19-da Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda “Dünya alimlərinin nəzərində Kəmaləddin Behzad yaradıcılığı” adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Fransa, Türkiyə, İran, Azərbaycan və digər ölkələrin səfirləri, səfirlik nümayəndələri, mötəbər qonaqlar iştirak ediblər.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva-Kəngərli, Rəssamlıq fakültəsinin “Təsviri sənət” kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabarov, “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Məlikova-Qurbanova İnstitutun rektoru A.Mirzorəhimovun xüsusi dəvətiylə konfransa qatılıblar.
Konfransda hər iki universitetin rektorları arasında qarşılıqlı münasibətlərə dair müqavilə imzalanıb. Universitetlər arasında incəsənət təhsili sahəsindəki bu qarşılıqlı əlaqələrin gələcəkdə hər iki ölkənin təsviri incəsənət sahəsindəki inkişafı və təbliğatında önəmli rolu olacağına inanıldığı qeyd olunub.
Tədbirin ikinci hissəsində məruzələr dinlənilib. Professor Gülşən Əliyeva-Kəngərlinin həmsədrliyi ilə baş tutan iclasda Azərbaycandan ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, dosent Aslan Xəlilov maraqlı məruzə ilə çıxış edib.
Konfransın sonunda ADMİU-nun nümayəndə heyəti Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutun rəhbərliyi tərəfindən “Təşəkkürnamə”lərlə təltif ediliblər. Görüş qarşılıqlı xatirə hədiyyələrinin təqdim edilməsiylə yekunlaşıb.
Sonra ADMİU-nun rektoru C.Mahmudova İnstitutla yaxından tanış olub, fakültələrin iş prinsipi və keçirilən dərslərlə maraqlanıb. Qərarlaşdırılıb ki, qarşılıqlı müqaviləyə əsasən, yaxın gələcəkdə iki təhsil ocağının davamlı olaraq müəllim və tələbələrinin təcrübə mübadiləsi aparılsın.
Konfransın ikinci günündə iştirakçılar Özbəkistanın Səmərqənd şəhərinə səfər ediblər.
Oktyabrın 21-də ADMİU-nun nümayəndə heyəti Özbəkistan Bədii Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nuridinovla görüşüblər. Universitetlər arasında imzalanmış müqavilənin hər iki tərəf üçün səmərəli olduğunu bildirən A.Nuridinov əməkdaşlığın təxmini yol xəritəsini müəyyənləşdirib. O, mümkün olan istiqamətlərdə təcrübə mübadiləsindən danışaraq, bu işdə hər iki tərəfə uğurlar arzu edib.
Görüşdə iştirak edən hər iki rektor həyata keçiriləcək layihələr və yaradıcılıq planlarından danışıblar. Faydalı və səmərəli söhbətdən sonra nümayəndə heyəti Akademiya ilə yaxından tanış olub, tələbələrin əl işlərinə baxıblar. Xalq rəssamı Akmal Nuridinov müəllifi olduğu kitabları rektor C.Mahmudovaya hədiyyə edib.
Oktyabrın 22-də ADMİU nümayəndə heyəti Özbəkistanda yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət ediblər. Buradakı mühitlə yaxından tanış olan rektor C.Mahmudova Mərkəzə ADMİU tələbələrinin əl işi olan “Xarı bülbül” rəsmini hədiyyə edib.
Özbəkistan səfəri Tətbiqi Sənət Muzeyinin və tarixi-memarlıq abidələrinin ziyarəti ilə yekunlaşıb.