İyunun 3-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin semestr üzrə yekun hesabat sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçirilib.
Bu il üçüncüsü təşkil olunan Festivalın açılış mərasimindən əvvəl Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) qurucusu və sədri Fərhad Qaraşov və əməkdaşları ADMİU-nun rektoru, professor Ceyran Mahmudovayla görüşüblər. Xanım rektor universitetin fəaliyyəti və keçirilən "Gümüş nar" festivalı haqqında qonaqlara geniş məlumat verib. Bildirib ki, ADMİU-nun tələbələri hər zaman öz yaradıcılıqlarında Azərbaycan tarixinin, mədəniyyətinin atributlarını, milli-mənəvi dəyərlərimizi əks etdirirlər. Eləcə də Azərbaycan incəsənətinin simvollarından biri olan nar da müxtəlif obrazlarda onların yaradıcılıqlarında əks olunur.
Rektora bu təşəbbüs üçün minnətdarlığını bildirən F.Qaraşov Azərbaycanda narçılığın inkişafı, hazırki vəziyyəti, eləcə də, ANİİA-nın fəaliyyəti haqqında geniş məlumat verib.
Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb və xatirə hədiyyələri təqdim olunub. Rektor C.Mahmudova Asossasiyanın döş nişanı ilə təltif edilib.
Görüşdən sonra festivalın açılış mərasimi baş tutub. Sərgidə tələbələrin 100-ə yaxın əsəri nümayiş etdirilib. Bildirilib ki, burada qrafika, yağlı boya, akvarel, quaş, bədii tekstil, ağacoyma, şəbəkə texnikalarında işlənmiş əsərlər fakültənin tələbələrinin akademik bilik və vərdişləri ilə yanaşı, onların fərdi xüsusiyyətləri, bədii nailiyyətləri haqqında ətraflı məlumat verilir. Sərgidə təqdim olunan işlər rəssam, qrafik, dizayner, xalçaçı tələbələrin formalaşmasında mühüm rolu olan ustad müəllimlər tərəfindən seçilib.
Sərginin təşkilinə və bədii tərtibatına Dizayn və dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi Gülnaz Mədətova rəhbərlik edib.
ADMİU-nun "Musiqi sənəti" fakültəsi tələbələrinin bir-birindən gözəl ifaları festivala rəng qatıb.
Festivalda sərgilənən əsərlərlə yaxından tanış olan ANİİA-nın sədri F.Qaraşov təəssüratlarını bölüşüb: "Azərbaycan incəsənəti üçün peşəkar kadrlar yetişdirən Mədəniyyət və İncəsənət Universitetində belə bir festivalın keçirilməsi çox əlamətdar hadisədir. Çox sevindirici haldır ki, tələbələr öz əsərlərində narı təkcə meyvə kimi yox, mədəniyyətimizin bir parçası kimi təcəssüm etdirirlər. Düşünürəm ki, bu tipli tədbirlərin silsilə şəklində keçirilməsi nara olan sevgini daha da artıracaq. Tələbələrin əsərlərinə baxdıqca nar obrazını milli ruhumuzun qida yeri Qarabağa aid nümunələrdə, İslamda, türklüyümüzdə gördüm. Tələbələr bir çox sahələrə toxunublar, bu da insanda qarışıq və xoş əhval-ruhiyyə yaradır. Bunu nəinki, rəsm əsərlərində, dizayner tələbələrin keramikdən hazırlanmış digər əl işlərində də gördük. Bu da bizi çox sevindirdi. Nar Asossasiyası olaraq düşünürük ki, narın bir meyvə, aqro-texniki ixrac, istehsal tərəflərindən kənar, daha da tanıdılması və təşviq edilməsi üçün bu cür tədbirlər çox lazımdır".