Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin dosenti, Xalq rəssamı Xanlar Əhmədovun “Dünənin səhəri” adlı fərdi sərgisi keçirilib.
Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi sərgidə Tədris işləri üzrə prorektor Validə Məmmədova, Rəssamlıq fakültəsinin müəllimləri Arif Əziz, Afət Aslanova, Səmədağa Cəfərov, kinorejissor Oqtay Mirqasımov, heykəltəraş Namiq Dadaşov və Əməkdar rəssam Eldar Qurbanov rəssamın yaradıcılıq fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Xanlar Əhmədov da öz növbəsində qonaqlara təşəkkürünü bildirərək sərgini açıq elan edib.
Sərgidə müəllifin 30-a yaxın heykəltəraşlıq nümunəsi - “Hacı Z.Tağıyev”, “General Şıxlinski”, “Dünya iki nəfər üçün”, “Layla”, “Döyüşçü”, “Gənc ailə”, “Mehmandarov”, “Tomris ana”, “Nude” “Pənah xan”, “Ana körpəsi ilə”, “Qız şar ilə”, “Soyunan qadın” və s. nümayiş olunub. Eyni zamanda Musiqi sənəti fakültəsinin tələbələri Məftun Səfərli (xanəndə), Mirhüseyn Əsədullayev (tar) və Fərrux Haşımlının (kamança) ifasında xalq musiqisi səslənib.
Qeyd edək ki, Təsviri sənət kafedrasının müdiri, Xanlar Əhmədov Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və A.Ostrovski adına Rəssamlıq İnstitutunu bitirib. Azərbaycan Rəssamlar İttifaqının üzvü və Moskva-Dünya Rəssamlıq Akademiyasının heykəltəraşlıq bölməsinin vitse-prezidentidir. Rəssamın əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş olunub, muzey və şəxsi kolleksiyalarda saxlanılır.