9-20 aprel tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyanın “Xoreoqrafiya sənəti” ixtisası üzrə təhsil alan I kurs magistr tələbələri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təcrübə keçiblər.
Xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ofeliya Zeynalovanın rəhbərliyi ilə tələbələr Natalya Menşikova, Aydın Berdiyarova, Saya Bakıt və Daniya Batırxanova kafedranın baş müəllimi, Əməkdar artist Pərviz Məmmədrzayevin plastika pantomima, Əməkdar artist, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədovun klassik trenaj dərslərində və Argentina tanqosu ustad dərsində iştirak ediblər. Baletmeyster sənəti və klassik rəqs mövzuları ətrafında müzakirələr aparıb, məşqlər ediblər.
Daha sonra Universitetin tələbələri ilə birlikdə Şəhidlər Xiyabanı, İçəri şəhər, Azərbaycan Xalça Muzeyi, Bakı funiklyoru, V.Mustafazadənin memorial ev muzeyi və Miniatür Kitab Muzeyini ziyarət edib, Azərbaycan Dövlət “Yuğ” Teatrında “Medeya. Sekvensiya 001” tamaşasına, H.Əliyev Sarayında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblınıın konsertinə tamaşa ediblər.