Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə və təşkilatı dəstəyilə nəşr olunan, kino peşəkarları və kino həvəskarlarının maraqla izlədiyi “Fokus” analitik kino jurnalının 11-ci sayı çap olunub. Jurnalın bu nəşrində yeni müəlliflərdən Rəhman Bədəlov, Nadir Bədəlov, Aygün Aslanlı, Sevda Sultanova, Hacı Səfərov, Elxan Xanəlizadə, Aliyə Dadaşova ilə yanaşı, artıq öz imzaları ilə tanınmış kinoşünaslardan Qismət Rüstəmov, Elçin Şamili və Teymur Daimi kimi müəlliflərin məqalələri də yer alıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, “Fokus” analitik kino jurnalının baş redaktoru, rejissor Əli İsa Cabbarov jurnalın “Ön söz”ündə haqlı olaraq qeyd edir: “Ədəbi nəsrimiz və kinomuz, ssenari və istehsal, özəl film şirkətləri və dövlət sifarişi münasibətləri daha effektiv qurularsa, bu da zəka göstəricisi sayıla bilər. Post-İbrahimbəyov dövrü bu zəka qıtlığını aradan qaldıra biləcəkmi? “Nəsrimiz və kinomuz” mövzusu da cari nömrənin fokusundadır. Belə ki, şair, esseist Qismət Rüstəmov İsi Məlikzadənin irsi, kinoşünas Hacı Səfərov isə Yusif Səmədoğlunun “Qətl günü” romanının ekranlaşdırılması nümunəsində mövzunu araşdırır”.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən jurnalın yeni sayından 40 nüsxə ADMİU-ya hədiyyə olunub. Universitetin Kitabxana-İnformasiya Mərkəzi “Fokus” analitik kino jurnalının bu yeni nəşrini oxucuların ixtiyarına verməklə yanaşı, müvafiq kafedra və müəllimlərə də təqdim edib. İxtisasyönümlü nəşrləri davamalı olaraq ADMİU-ya hədiyyə edən Əli İsa Cabbarova dərin təşəkkürümüzü bildiririk.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.