Kitabxana-İnformasiya Mərkəzinə AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən profilə uyğun tədris nəşrləri hədiyyə edilib. MEK tərəfindən 15 Sentyabr – “Bilik Günü” və 18 sentyabr – “Milli Musiqi Günü” münasibətilə həyata keçirilən kitab bağışlama aksiyası çərçivəsində ADMİU-ya təqdim olunan nəşrlər mədəniyyət və incəsənət sahələrinə dair dəyərli kitab və notlardan ibarətdir. Ümumilikdə, 83 adda 349 nüsxə ədəbiyyatı əks etdirən və nəfis tərtibatı ilə gözoxşayan nəşrlərdən “Azərbaycan incəsənət tarixi” seriyasından İlham Rəhimlinin “Teatr”, Aydın Kazımzadənin “Kino” və Abbasqulu Nəcəfzadənin “Musiqi” əsərləri, İlham Rəhimlinin 5 cildlik “Azərbaycan teatr tarixi” kitabı, Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi. I cild” əsəri, Cəlil Məmmədquluzadənin “Əsərləri” 5 cilddə, “Azərbaycan” adlı 3 dildə kitab-albom, “Naxçıvan ensiklopediyası”, Maykl Aksvörtinin “Nadir şah” əsəri, müxtəlif musiqiçi və aktyorların həyat və yaradıcılığına həsr olunan kitablar və s. adlarını qeyd etmək olar.
Oxucuların mütaliəsi üçün mühüm əhəmiyyət kəsb edən bu dəyərli mənbələrdə Azərbaycanın zəngin teatr, kino və musiqi sənətinin tarixinə nəzər salınaraq təhlil olunur, milli teatr mənzərəsi yeni və zəngin faktlarla oxuculara təqdim edilir. Həmçinin, ölkəmizin görkəmli bəstəkarlarının musiqi əsərlərindən ibarət not nəşrləri də xeyli maraq doğurur. Kitabxana-İnformasiya Mərkəzinin fonduna daxil edilən bu kitablar oxucuların istifadəsinə verilib və onların sərgisi təşkil olunub.
Kitabxana-İnformasiya Mərkəzi hədiyyə olunan nəşrlər üçün AMEA-nın Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə təşəkkür edir.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.