Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin III Respublika elmi konfransı keçirilib. Konfransda ADMİU-nun Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasının tələbələri Kərimova Həcərxanım, Həsənov İsmayıl, Quliyeva Ləman, Əkbərov Zahid, Talıbova Sevda və Zülfüqarlı Xəyalənin təmsil olunduğu “İncə Sənət” komandası iştirak edib.
Tədbiri giriş sözü ilə açan professor Xəlil İsmayılov son dövrlər BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, o cümlədən tələbələrin də bu prosesə cəlb edilməsi istiqamətində mühüm addımlar atıldığını iştirakçıların nəzərinə çatdırıb. Davamlı olaraq keçirilən, artıq ənənə halını alan “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda Respublika konfransın xüsusi əhəmiyyətindən bəhs olunub. Daha sonra İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı çıxış edərək konfransın işinə uğurlar arzu edib.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Rəşad Qardaşov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd kitabxana-informasiya fəaliyyətində əsas element olan elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, tələbələrdə elmi tədqiqata marağı artırmaq, bu istiqamətdə olan elmi nəticələri müzakirə etməkdir.
Konfransda ADMİU-nun Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müdiri, dosent Səyavuş Məhişov, Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova, Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Həsənova, müəllimlər Eldəniz Məmmədov, Kəmalə Məmmədova və Natiq Mürsəlov iştirak edib. Tələbələrin konfransa hazırladığı videoçarx ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin tarixi, elektron kataloqu, rəqəmsal kitabxanası, oxuculara xidmət və ədəbiyyat sərgilərinin təşkilinə həsr olunub və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək 7 ali məktəb içərisində 2-ci yerə layiq görülüb. Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətini hərtərəfli əks etdirən peşəkar səviyyəli videoçarx ADMİU-nun Televiziya və kino tədris studiyasının mütəxəssisi Azər Həsənovun dəstəyi ilə ərsəyə gəlib.
Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetini təmsil edən komandaların da virtual təqdimatı diqqətə çatdırılıb. Təqdimatlarda kitabxanaların bu sahədəki fəaliyyəti şərh edilib, müqayisəli təhlillər aparılıb, alınmış nəticələr təqdim olunub, təkliflər irəli sürülüb.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.