ADMİU-ya “Paşa Həyat Sığorta” ASC tərəfindən yeni çapdan çıxmış 4 adda 235 nüsxə nəşr hədiyyə olunub. Kitabxana-İnformasiya Mərkəzinin müraicəti əsasında təqdim olunan kitablar Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC, “Azərbaycan Hava Yolları” QSC və “IRS Publishing House”un birgə həyata keçirdiyi “İRS” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib. Azərbaycan, rus və ingilis dillərində “Salam, Azərbaycan!”, “Qarabağın qara kitabı”, “Qarabağ – qələbəyə doğru” və “Şəki – gözəlliyin sehri” adlı nəşrlər nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edir. Yeni nəşrlər Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliğinə mühüm töhfədir.
“Salam, Azərbaycan!” kitabı ölkəmiz haqqında özündə müfəssəl məlumatları ehtiva edir və onu Azərbaycanın bələdçi kitabı da adlandırmaq olar. Bu nəşrdə xalqımızın adət-ənənəsi, tarixi abidələri, mədəniyyəti, fauna və florası, mətbəxi və ölkəmizin uğurlu inkişafı öz əksini tapıb. “Qarabağın qara kitabı” və “Qarabağ – qələbəyə doğru” adlı kitablarda mənfur Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalı, işğal nəticəsində mədəni irs nümunələrimizin dağıdılması və vandalizmə məruz qalmasından geniş bəhs olunur. Bu nəşrlərdə Vətən müharibəsi, Zəfərə aparan yol və doğma torpaqlarımıza yenidən həyatın qaytarılması istiqamətində görülən işlər də öz əksini tapıb. “Şəki – gözəlliyin sehri” nəşri Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Şəki şəhəri barədə dolğun məlumatları özündə əks etdirir. Kitabda Xan Sarayı və qədim Şəkinin tarixi ərazisi barədə təfsilatlı məlumat verilir.
Kitabxana-İnformasiya Mərkəzində nəşrlərin geniş sərgisi təşkil olunub, onlar professor-müəllim heyəti, oxucular, xüsusilə də əcnəbi tələbələrin istifadəsinə verilib. Hədiyyə olunan nəşrlərə görə “Paşa Həyat Sığorta” Şirkətinə dərin təşəkkür edirik.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.