Kitabxana-İnformasiya Mərkəzinə kinoşünaslıq üzrə yeni çapdan çıxmış elmi əsərlər daxil olub. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fizuli Mustafayevin “Azərbaycan kinosunun üslubu” və “Azərbaycan kinosunun dili” adlı monoqrafiyaları milli kinomuzun bədii-estetik inkişafında dil və üslub məsələlərinin problem şəklində elmi əhəmiyyətini nəzəri əsaslara söykənən fikir genişliyi ilə göstərməyə yönəlib.
“Azərbaycan kinosunun üslubu” (Bakı, Elm, 2023, 344 s.) kitabının əsas məqsədi təhlilə çəkilmiş problemin bütün xarakterik xüsusiyyətlərini, elmi səciyyələrini, müsbət və müəyyən mənada qüsurlu cəhətlərini obyektiv tərzdə tədqiq etmək və araşdırmaqdır. Monoqrafiyada, həmçinin mövzuların aktuallığını elmi-nəzəri əsaslarla vermək üçün dilçiliklə incəsənətin harmoniyası orjinal metodika ilə araşdırılır. Üstəlik, bir daha elmi əsaslarla göstərilir ki, Azərbaycan dilinin ifadə zənginliyi, leksik özünəməxsusluğu, üslub orjinallığı milli kinomuzun yaradıcılıq atributlarındandır.
“Azərbaycan kinosunun dili” (Bakı, Elm, 2023, 336 s.) tədqiqat əsəri bir-biri ilə sıx bağlı olan iki məsələni – kino-aktyor nitqinin struktur və funksional xüsusiyyətlərini, eləcə də şifahi nitqin ekran təzahürünün spesifikasını araşdırmaq vəzifəsini qarşıya qoymuşdur. Çünki, bütövlükdə şifahi ədəbi dilin bir çox qanunauyğunluqları şifahi nitq problemi, onun quruluşu və xarakteri ilə əlaqədardır. Ona görə də, şifahi nitqlə bağlı məsələlərin araşdırılmasına böyük ehtiyac vardır. Bu səbəbdən, monoqrafiyada kino dilinin nəzəri məsələlərinin tədqiqi şifahi nitq probleminin və ümümiyyətlə, kütləvi informasiya vasitələrinin dili ilə paralel öyrənilməsi məqsədinə yönəldilmişdir. Burada bir tərəfdən audiovizual nitqin, digər tərəfdən isə daha çox şifahi nitqin ən emosional-ekspressiv formalarından biri sayılan kino dilinin spesifik xüsusiyyətləri araşdırılmışdır.
Hər iki kitab ADMİU-da professor-müəllim heyəti və tələblərin konkret dil materialları əsasında şifahi nitqin bəzi leksik, qrammatik, orfoepik və sintaktik normalarının müəyyənləşdirilməsi, intonasiya zənginliyi və tələffüz üslublarının aşkar edilməsi, ayrı-ayrı filmlərin dil-üslub xüsusiyyətlərinin təhlili, kino dilinin spesifik cəhətlərinin nəzərdən keçirilməsi baxımından dəyərli mənbələrdir. Yeni nəşrləri ADMİU-ya hədiyyət etdiyi üçün dosent Fizuli Mustafayevə dərin təşəkkürümüzü bildiririk.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.