ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fondunun komplektləşdirilməsində Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanan müxtəlif nəşrlərin mühüm rolu vardır. Mütəmadi olaraq çap etdirdiyi kitabları universitetə hədiyyə edən muzey 2022-ci ildə tərtib olunan yeni 13 adda 26 nüsxə nəşrini ADMİU-nun oxucularının istifadəsinə təqdim edib.
Muzeyşünaslıq, etnoqrafiya və sənətşünaslıq sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulan bu çap məhsullarının əksəriyyəti Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında kitab-albomlardır – “Qələmkar kolleksiyası”, “Gəncə-Qazax xalçaları”, “Azərbaycan xalqının toy adətləri”, “Çay dəstgahı”, “Hamam mədəniyyəti”, “Ömər Faiq Nemanzadə”, “Azərbaycan memarlıq abidələri rəsm əsərlərində”, “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında”, “Azərbaycanın orta əsr basmanaxışlı küpləri”. Bunlardan əlavə, Milli Azərbaycan Tarix Muzeyinin Elmi məqalələr toplusu, F.Cabbarovun “Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906)”, N.Əliyevanın “Omonimlər lüğəti”ndə Qafqaz və Azərbaycan, G.Abdulovanın “Qarabağın sənət irsi” kitablarının da oxucular üçün dəyərli vəsait olacağı şübhəsizdir.
Nəşrlərin Kitabxana-İnformasiya Mərkəzinin hər iki korpusunda istifadəçilər üçün əlçatanlığı təmin olunub.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.