Kino sənətinin müxtəlif sahələri üzrə ixtisas ədəbiyyatının tərtibi, nəşri və təbliği istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə ADMİU arasında əməkdaşlıq çərçivəsində çapdan çıxan növbəti nəşr universitetin Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunub. Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının baş müəllimi Nadir Bədəlovun ssenari yaradıcılığına həsr olunmuş “Kino gözlə söz arasında” adlı bu yeni kitab AKİ-nin maliyyə dəstəyilə çap edilib. “Kinematoqrafçının kitabxanası” seriyasında işıq üzü görən nəşr “Filmin dramaturgiyası”, “Filmin estetikası” və “Filmlərə baxış” adlı 3 bölmədən ibarətdir. Kitabda söz və sözün izahı, dramaturgiya nədir və filmdə dramaturgiyanın rolu, mimesis – təqlid gerçəkliyin əksi kimi, realizm, Hegel – dünyanın dramaturji qəlibi kimi, Aristotel təlimi, və s. mühüm məqamlar aydınlaşdırılır.
Filmin estetikasında həlledici olan film rejissorluğu haqqında dəyərli fikirlərin əksini tapdığı nəşrin orijinal aspektlərindən biri, müəllifin müasir rejissorlardan Emil Quliyevin “Pərdə” trilogiyası, Azərbaycan kino rejissorlardan Rüstəm İbrahimbəyovun, Həsən Seyidbəylinin filmləri, dünya klassikasından Roman Polanski və Nuri Bilgə Ceylanın filmləri tamamilə yeni rakursdan analiz edilir. Kitabı gənc kinodramaturqlar üçün dəyərli edən cəhət dünyada ən popular ssenari ustadlarının – Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin ensiklopediyasının olmasıdır. Müəllif bu əsərində hər bir təlimi ətraflı izah edir.
Kino sahəsində Azərbaycan dilində yeni dərsliklərin çap olunması sahəsində növbəti nailiyyət olan bu nəşr “Kinematoqrafçının kitabxanası” seriyası layihəsinin rəhbəri, AKİ-nin katibi Əli İsa Cabbarovun səmərəli fəaliyyətinin nəticəsi kimi milli kino sənətimizin tədrisinə mühüm töhfədir. Nəfis tərtibatda “Parlaq imzalar” nəşriyyatı tərəfindən çap edilən kitabın nüsxələrini ADMİU-ya hədiyyə etdiyinə görə başda AKİ-nin sədri, Xalq artisti Rasim Balayev olmaqla bütün əməkdaşlarına təşəkkür edirik.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.