ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində təcrübədə olan Kitabxanaçılıq və informasiya ixtisasının tələbələri UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər. “Elektron resurslardan istifadə bacarıqları” və “Kitabxana etikası” mövzularında təşkil olunan tədbirdə Kulturologiya fakültəsinin IV kurs, ADMİU nəzdində Humanitar Kollecin III kurs tələbələri peşə bacarıqları ilə bağlı yeniliklərlə tanış olublar.
Tədbirdə UNEC KİM-in direktoru, tar.ü.f.d. Adilə Abdullayeva “Oxu Mədəniyyəti” layihəsindən bəhs edərək, təhsilalanlar arasında oxu mədəniyyətinin formalaşdırılması məqsədilə onlara mütaliə vərdişlərinin faydalarını diqqətə çatdırıb. O, dünya mədəniyyəti indeksi üzrə ilk sıralarda yer alan ölkələrdən, onların mütaliə vərdişlərindən danışıb. 3 saylı kitabxananın müdiri Nərminə Abdullayeva UNEC-in elektron kitabxanası, elektron kataloqu, abunə olduğu Emerald Publishing, İPR Smart nəşriyyatları və EBSCO kimi beynəlxalq data bazalar haqqında geniş məlumat verib. Açıq Girişli (Open Access) tədqiqat bazaları (ECONBİZ, İksadyayınevi, Hindawi, ARTSTOR, IEEE rəqəmsal kitabxanası və s.), onlardan istifadə və axtarış imkanlarından bəhs edib. Daha sonra 3 saylı kitabxananın əməkdaşı Fərrux Səmədli kitabxanadan ümumi istifadə və etik davranış qaydaları ilə bağlı təqdimatla çıxış edib. Təlimdə ADMİU-nun tələbələri ilə yanaşı UNEC Dizayn fakültəsinin tələbə-müəllim heyəti, Kaspi Liseyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun və Bakı Ali Neft Məktəbinin əməkdaşları iştirak ediblər. Təlim iştirakçıların suallarını cavablandırmaqla yekunlaşıb.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.