Beynəlxalq əlaqələrə xüsusi üstünlük verən ADMİU hər zaman xarici ölkələrin aparıcı təhsil ocaqları ilə qarşılıqlı anlaşmalar, memorandumlar və eləcə də müqavilələr imzalamaqla əlaqələrini genişləndirmək mövqeyi tutub.
Mayın 17-də Kipr Respublikasının öndə gedən Universiteti sayılan Arkin Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) rəhbər heyəti - qəyyumlar şurasının sədri professor Sinan Arkin, Beynəlxalq əlaqələr üzrə prorektor professor İbrahim Dalkılıç və professor Asim Vehbi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olublar.
Qonaqları salamlayan ADMİU-nun rektoru professor Ceyran Mahmudova onları rəhbəri olduğu ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. Bu il 100 illik yubileyini qeyd edən ADMİU-nun ölkəmizdəki yaradıcı ali təhsil ocaqları arasında yeganə universitet olduğunu deyən rektor digərlərinin konservatoriya, akademiya olduğunu diqqətə çatdırıb.
Professor Sinan Arkin rektora və universitet rəhbərliyinə qonaqpərvərliklərinə görə təşəkkürünü bildirib, ARUCAD haqqında geniş məlumat verib.
ADMİU kimi köklü bir universitetlə işgüzar əlaqələrin qurulmasının yeni yaranan ARUCAD universiteti üçün böyük önəm daşıdığını və bu əlaqələrin gələcəkdə gözəl nəticələrə səbəb olacağına inandıqlarını bildirən qonaqlar ADMİU-nun çoxillik təcrübələrindən yararlanmaq şansı əldə etməkdən son dərəcə məmnun olduqlarını da vurğulayıblar.
Daha sonra iki universitet arasında akademik anlaşma protokolu imzalanıb.
Anlaşma protokolunun əsas məqsədi ARUCAD ilə ADMİU arasında qarşılıqlı akademik əməkdaşlığı inkişaf etdirmək və qarşılıqlı anlaşmanı təşviq etməkdir.
Protokol ARUCAD Musiqi və İfaçılıq Fakültəsinin “Aktyorluq Bakalavr Proqramı” ilə ADMİU Teatr Sənəti Fakültəsinin “Aktyor Sənəti Bakalavr Proqramı” arasında əməkdaşlıq şərtlərini əhatə edir.
ARUCAD və ADMİU bu əməkdaşlıq protokolunun müddəalarını öz nizamnamələrində və bağlı olduqları ali təhsil qanunlarında nəzərdə tutulmuş məhdudiyyətlər çərçivəsində həyata keçirəcəklər.
Tərəflərin razılığına uyğun olaraq, tələbələr qeyd olunan kurslar çərçivəsində iki kafedra arasında “Tələbə Mübadilə Proqramı” və ya “3+1 Proqramı”na müraciət edə bilərlər. Bu protokola tabe olan bakalavr proqramlarının kurrikuluma əlavədə uyğunlaşdırılması verilib.
“Tələbə Mübadilə Proqramı” və ya “3+1 Proqramı”na müraciət edəcək tələbələr hər iki universitetin qəbul şərtlərini və sənədlərini tam və vaxtında təqdim etməlidirlər.
O cümlədən, bu protokola əsasən tələbə və müəllim mübadiləsi proqramı da həyata keçirilməsi nəzərdə tutulub.
Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim edib, qonaqlar universitetlə daha yaxından tanış olublar.