
ADMİU-nun Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Mübariz Süleymanlı və Elm və yaradıclıq işləri üzrə prorektor, Əməkdar mədəniyyət işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyevanın birgə tərtib etdiyi “Elmi-tədqiqat işinin metodikası” adlı metodik vəsait çap olunub. Universitetdə magistratura pilləsində təhsil alan tələbələrə elmi-tədqiqat işlərinin yazılması qaydalarının mənimsədilməsi və elmi araşdırma üzərində işləmək vərdişlərinin aşılanması məqsədilə hazırlanan bu nəşrdə müasir elmi idrakın və onu formalaşdıran üsulların məntiqi quruluşuna diqqət yetirilir. Kitabda elmi işlərin planlanlaşdırılması və yerinə yetirilməsinin praktiki yolları göstərilir, elmi-tədqiqatın əsası, struktu-ru, uyğun metodlarını əhatə edən suallar araşdırılır və elmi işin tərtibatı üçün müvafiq tövsiyələr verilir.
Metodik vəsaitin hazırlanmasında çoxsaylı mənbələrdən, xüsusilə də Rezo Əliyevin “Elmi işlərin yerinə yetirilməsi metodikası” adlı vəsaitindən, Ali Attestasiya Komissiyasının rəsmi sənədlərindən, ADMİU-nun, Azərbaycan Müəllimlər İnstitutunun və İqtisad Universitetinin əvvəlki illərdə çap edilmiş metodik vəsait və göstərişlərindən istifadə edilib.
Magistrantlar əldə etdikləri elmi biliyin sadəcə tətbiqinə çalışmayıb, həmçinin şəxsi analizi əsasında onun tətbiqindən irəli gələn yenilikləri araşdırır. Bu mənada, tələbələrin magistratura təhsili müddətində elmi işlərin hazırlanma metodikasına yiyələnmələrinin hərtərəfli üstünlükləri vardır. Təqdim olunan metodik vəsaitin strukturu əsasən magistr dissertasiyasının hazırlanmasına yönəlmişdir və tədqiqat-işinin hazırlanması, eləcə də tərtibində tədqiqatçılara köməkçi ədəbiyyat kimi faydalı ola bilər. Nəşrin çap və elektron variantı Kitabxana-İnformasiya Mərkəzində oxucuların istifadəsinə verilib.