Aprelin 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXII Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans ADMİU-nun 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində keçirilib.
Həm ənənəvi, həm də onlayn formatda təşkil edilən konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar.
Konfransı ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq qeyd edib ki, artıq 22 ildir ADMİU-da “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilir. Bu tədbirin bir ənənə olaraq mütəmadi şəkildə təşkil edilməsi konfransın mövzu və məramının böyük aktuallıq kəsb etdiyindən xəbər verir. ADMİU-nun təşəbbüsü ilə keçirilən konfrans özünün elmi problematikasının əhəmiyyəti və mövzu dairəsinin genişliyinə görə ölkəmizin humanitar sferasında müəyyən mövqe qazanmışdır. Konfransın keçirildiyi ötən illər ərzində ən müxtəlif ölkələrin mütəxəssisləri tərəfindən diqqətə çatdırılan yüzlərlə məruzə türk xalqlarının mədəniyyətinin müxtəlif inkişaf mərhələlərini vahid proses kimi izləməyə imkan yaradır.
Konfransın plenar iclasında çıxış edən Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, Prof. Lalə Hüseynova, Prof., Dr. Kamola Akilova (Özbəkistan), Baha Ahmet Yılmaz (Türkiyə), Prof. Nataliya Xlebseviç (Rusiya), Prof., Dr. Məryəm Əlizadə, tədbirə onlayn formasında qatılan Prof., Dr. Anna Oldfield (ABŞ), Prof., Dr. Gültəkin Şamilli (Rusiya), Behrang Nikaeen (Kanada), Nadejda Broyako (Ukrayna) bu elmi toplantının əhəmiyyətindən danışıblar. Mütəxəssislərin fikrincə, “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans türk xalqlarının mədəni inteqrasiyasına və humanitar elmlər sahəsində aparılan tədqiqatlar çərçivəsində qarşılıqlı əməkdaşlığına xidmət edir.
Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. “Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasəti” (moderator: Prof. Xaləddin Sofiyev), “Türksoylu xalqların musiqi mədəniyyəti: ənənə və müasirlik” (moderator: Prof. Kamilə Dadaş-zadə), “Türksoylu xalqların bədii mədəniyyətinin araşdırılması problemləri” (moderator: Prof. Mübariz Süleymanlı) mövzusunda bölmə iclaslarında türk xalqlarının zəngin mədəniyyətini və ortaq dəyərlərini işıqlandıran məruzələr dinlənilib.