Aprelin 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və mədəniyyət siyasəti” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Həm ənənəvi, həm də onlayn formatda təşkil edilən konfransa ölkə daxilindən və xaricindən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarından elm adamları, ictimaiyyət nümayəndələri qatılıblar.
Konfransdan öncə iştirakçılar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Daha sonra ADMİU-nun orkestrinin ifası dinlənilib.
Konfransı ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və xaricdə geniş və əhatəli şəkildə qeyd olunduğunu, universitetdə də Ümummilli Liderə həsr olunmuş tədbirlərin keçirildiyini deyib. Rektor universitetin əməkdaşlarından şəxsən Ulu Öndəri tanıyan, onunla keçirilən yaradıcılıq görüşlərində iştirak edən və dahi şəxsiyyətdən xeyir-dua alan professor və müəllimlərin də olduğunu bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. Mədəniyyət və incəsənət xadimləri ilə şəxsən tanış olan Ulu Öndər onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi diqqət, qayğı ilə yanaşırdı.
C.Mahmudova bildirib ki, “Heydər Əliyev və mədəniyyət siyasəti” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans ADMİU-da Ümummilli Liderin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biridir və bu konfransın Ulu Öndərin Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına verdiyi töhfələri bir daha yada salmaq və gənc nəslə çatdırmaq istiqamətində faydalı olacağına inanır. Rektor ali təhsil ocağının bu sahədə fəaliyyətinin il boyu davam edəcəyini vurğulayıb.
Millət vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında tarixi xidmətlərindən, ölkəsinin, xalqının tərəqqisi, rifahı naminə gördüyü misilsiz işlərdən söz açıb. O, Ulu Öndərin Azərbaycanın yalnız XX əsr tarixində deyil, milli tariximizin ən əvəzsiz, nadir şəxsiyyətlərindən biri olduğunu deyib. Vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin istiqlalımızın, müstəqilliyimizin qorunub saxlanılmasında, həmçinin, mədəniyyətimizin inkişafında tarixi xidmətləri olub. Ümummilli Liderin bütün xidmətlərinin fövqündə həmişə bu istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək olub. Dahi Lider bu istiqlalı yaşatmaq üçün möhkəm təməllər də qurdu.
R.Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm və mədəniyyət xadimlərinin klassiklərinin yubileylərinin yüksək səviyyədə qeyd edilməsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyərək vurğulayıb ki, hər zaman milli-mənəvi dəyərlərə yüksək qiymət verən Ulu Öndər hələ keçmiş sovet dövründə bütün imkanlarını sərf edərək mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına böyük dəstək verirdi.
Tədbirə onlayn qatılan Türkiyə Qazi Universiteti, Türk Dünyası Uyğulama və Araşdırma Mərkəzinin rəhbəri professor Alev Çakmakoğlu Ulu Öndərin hakimiyyəti illərində ölkələrimiz arasında mədəni əlaqələrdən danışıb, Heydər Əliyevin daim sənətə, incəsənət xadimlərinə böyük önəm verdiyini deyib. O, Ümummilli Liderin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyəti dövründə Bakıda Atatürk Mərkəzinin açılmasını Dahi Liderin ortaq dəyərlərə verdiyi qiymətin bariz nümunəsi kimi dəyərləndirib.
Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini professor Jalə Əliyeva çıxışında bildirib ki, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərmiş görkəmli dövlət xadimi Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onu təkcə yubiley günlərində deyil, hər an xatırlamaq hamımızın mənəvi borcudur: “Bütün həyatını Azərbaycana həsr etmiş Ulu Öndər tarixin bizə bəxş etdiyi görkəmli dövlət xadimi və xalqımızın xilaskarıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti üçün tarixi xidmətlərindən biri də Azərbaycan dili ilə bağlıdır. Belə ki, hər zaman mədəniyyətimizə, milli dəyərlərimizə böyük önəm verən Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə hələ keçmiş sovet dövründə Azərbaycan dilinin dövlət dili kimi təsbit olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında öz əksini tapdı. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətəninə gətirilməsi və doğma Naxçıvan torpağında dəfn edilməsi isə Ulu Öndərin dahi şairə, Azərbaycan ədəbiyyatına, elm və mədəniyyət xadimlərinə göstərilən böyük ehtiramın bariz nümunəsidir”.
Daha sonra Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru, professor Kamola Akilova, Türkiyənin BTZ Akademiyasından Baha Ahmet Yılmaz və başqaları çıxış edərək Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasətindən söz açıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Heydər Əliyevin mədəniyyət siyasətinin müxtəlif istiqamətlərindən bəhs edən məruzələr dinlənilib.