Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş konsert təşkil olunub.
ADMİU-nun Aşıq sənəti kafedrasının təşkilatçılığı ilə keçirilən konserti giriş sözü ilə açan kafedranın müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva qeyd edib ki, bir əsrdir Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rola sahib ali təhsil ocağının 100 illik yubileyinə həsr olunmuş bu konsertə Aşıq sənəti kafedrasının müəllim və tələbələri uzun müddətdir böyük məsuliyyətlə hazırlaşırlar.
Konsertdə sözügedən kafedranın müdiri Samirə Əliyeva, müəllimləri Fəzail Orucov, Murad Səmədzadə, Altay Məmmədov, Nemət Qasımov tələbələrinin ifalarında Azərbaycan aşıq musiqiləri səsləndirilib.
Konsert proqramında, həmçinin, “Misridən Cəngiyə”, “Cəngi” kompozisiyası, “Şah sevəni”, “Yanıq Kərəmi”, “Ovşarı”, “Ruhani”, “Baş müxəmməs” və digər aşıq havaları, eləcə də “Azərbaycan”, “Ana yurdum” mahnıları ifa olunub.