Azərbaycan incəsənətinə və teatrına ağır itki üz verib. Aprelin 9-da Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov vəfat edib.
Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub.
O, uzun müddət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş və yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb.
Bülbül adına orta musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.
1965-ci ildə isə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub.
1972-ci ildən Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib.
1974–1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərib.
1977-ci ildə isə yenidən Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983–1990) işləyib.
Azərpaşa Nemətov 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, 31 avqust 2015-ci ildən isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.
6 yanvar 2016-cı ildən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsində çalışıb.
12 avqust 2022-ci ildə "Şərəf" ordenina layiq görülüb.
Azərpaşa Nemətovun vəfatı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üçün də sarsıdıcı itkidir. Xalq artisti bədii yaradıcılığı ilə 100 yaşlı universitetimizin uğurlu məzunlarından olmaqla yanaşı, bu universitetdə uzun müddət pedaqoji fəaliyyətlə də məşğul olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olan Azərpaşa Nemətov uzun illər universitetimizdə teatr sənətinə gənc və peşəkar kadrların hazırlanmasında mühüm rol oynayıb. Onun tələbələri bu gün həm ölkəmizin müxtəlif teatrlarında fəaliyyət göstərir, həm də universitetimizdə teatr sənətinin incəliklərini tədris edərək ustadlarının yolunu uğurla davam etdirirlər.
ADMİU-nun kollektivi adından mərhum professorumuza Allahdan rəhmət diləyir, teatr ictimaiyyətinə başsağlığı veririk!
ADMİU-nun rektoru professor
Ceyran Mahmudova