Martın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi Cəmiyyəti (TEC), Kitabçılıq və Naşirliyin İnkişafına Dəstək İB-nin birgə təşkilatçılığı ilə yazıçı İlahə Səfərzadənin tələbələrlə görüşü keçirilib. Görüşdə “Sosial-mədəni fəaliyyət” kafedrasının müdiri, professor Mübariz Süleymanlı, həmin kafedranın müəllimi, ADMİU TEC Katibi Günel İbrahimova, Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi, ADMİU TEC sədri Aysel Həsənova və Universitetin tələbələri iştirak ediblər.
ADMİU-nun müəllimi, kulturoloq, İB-in sədri Nigar Sultanlının təqdimatında baş tutan görüşdə gənc yazıçı yaradıcılıq uğurlarından söhbət açıb, tələbələrin suallarını cavablayıb.
Görüşdə tələbələr yazıçının “Naməlum məktub” və “Son xəyanət” əsərilərini müəlliflə birgə müzakirə edərək, hərtərəfli təhlil ediblər.
Tələbələrin maraqlı suallarla aktiv müzakirələrə qatılması yazıçı tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirin davamında professor Mübariz Süleymanlı çıxış edərək müəllifə yeni yaradıcılıq uğurları arzulayıb, Universitetin prorektoru Sədaqət Əliyevanın adından “Təşəkkürnamə”ni İlahə Səfərzadəyə təqdim edib.
Sonda yazıçının imza mərasimi keçirilib. O, müəllifi olduğu sonuncu əsəri, “Gerçəyin izində” romanını tələbələrə hədiyyə edib.