Fevralın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Xocalı faciəsi qurbanları, eləcə də Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri kimi səciyyələndirib. Rektor XX əsrin sonunda baş vermiş bu faciəni təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu və bu soyqırımın gənclərin yaddaşına həkk edilərək, hər zaman anılmasının vacibliyini vurğulayıb.
Sonra Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru professor Gülşən Əliyeva-Kəngərli çıxış edərək hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Bu təbliğat işlərinin aparılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində təqdirəlayiq işlər görüldüyünü vurğulayan prorektor “Xocalı soyqırımı, Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri, soyqırımla bağlı həqiqətlərin geniş miqyasda təbliğ edilməsi, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, bu hadisələrin hamının yaddaşında həkk edilməsi istiqamətində “Xocalıya Ədalət” kampaniyasının rolunun danılmaz olduğunu deyib.
Universitet Tələbə Gənclər Təşkilatının sədr müqavini Elcan Quliyev çıxış edərək deyib ki, Azərbaycan xalqı - biz gənclər Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq: “Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Toplantı Vaqif Mustafayevin rejissoru olduğu “Dərdimi Çəkirəm ” adlı filmin nümayişi ilə davam edib.