Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero və bir neçə səfirlik əməkdaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub.
Qonaqları salamlayan ADMİU-nun rektoru professor Ceyran Mahmudova universitet haqqında geniş məlumat verib. Bildirib ki, bu il 100 illik yubileyini qeyd edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkədə teatr və kino sahəsində təhsil verən yeganə universitetdir. Universitetin çoxşaxəli fəaliyyətindən danışan rektor müxtəlif səfirliklərlə işgüzar əlaqlərdən bəhs edib, birgə həyata keçirilən layihələrdən söz açaraq gələcəkdə oxşar layihələri Meksika səfirliyi ilə də keçirməyi təklif edib.
Xoş münasibətdən və nəcib qarşılamadan məmnunluq duyduğunu ifadə edən səfir Viktoriya Romero Azərbaycan və Meksika arasındakı siyasi, mədəni əlaqələrdən danışıb. Bu əlaqələrin təhsil sahəsində də inkişaf etdirilməsini arzuladığını bildirən xanım səfir ADMİU ilə Meksikanın bir neçə yaradıcı yönümlü universitetləri arasında əlaqələrin qurulması üçün əlindən gələni edəcəyini deyib.
Daha sonra ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva-Kəngərli Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romeroya universiteti daha yaxından tanıdıb. Universitetin sərgi salonu ilə yaxından tanış olan xanım səfirə bildirilib ki, burada nümayiş olunan Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işi olan əsərlər mütəmadi dəyişir, yenilənir, universitetdə mühüm günlər, əlamətdar tarixlərlə bağlı yeni sərgilər açılır.
Həmçinin, səfir Vətən müharibəsinə həsr olunmuş Zəfər lövhəsi ilə də tanış olub. Ona Vətən müharibəsi və Qarabağ zəfəriylə bağlı məlumat verilərək bildirilib ki, bu müharibədə universitetin 50-dən çox əməkdaş, tələbə və məzunları iştirak edib, onlardan üçü şəhidlik zirvəsinə ucalıb.