Fevralın 22-si Yaponiya Səfirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatı dəstəyi ilə “KUNI-KEN şamisen rok qrupunun” ifasında ustad dərsi keçirilib.
KUNI-KEN Mie prefekturasının Yokkaiçi şəhərində anadan olmuş KUNİAKİ və KENCİ qardaşları tərəfindən yaradılmış şamisen rok qrupudur. Dünyanın bir çox ölkələrində konsertlər vermiş, Asiya mənşəli sənətçi kimi diqqəti cəlb edir. 2016-cı ildən Yokkaiçi şəhərinin turizm səfiri kimi fəaliyyət göstərirlər.
Tədbir zamanı əcnəbi qonaqlar ADMİU-nun tələbələrinə şamisen alətinin sirrlərini izah edib, tələbələrin suallarını cavablandıraraq, şamisen alətində çalmağı öyrədiblər. Həmçinin, sürpriz olaraq, Kuniaki və Kenci qardaşları şamisen alətində Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.
Daha sonra Musiqi sənəti fakültəsinin Aşıq sənəti kafedrasının müdiri, dosent, əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva Azərbaycanın Aşıq sənətinin qədim musiqi aləti hesab olunan sazın tarixi və özəllikləri haqqında əcnəbi qonaqlara məlumat verib, sazda ifa edib.
Tədbirdə ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru professor Gülşən Əliyeva-Kəngərli, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova, kafedranın müəllimləri aşıq Nemət Qasımlı, aşıq Fəzail Miskinli, aşıq Altay Məmmədov, aşıq Murad Səmədzadə, eləcə də Aşıq sənəti kafedrasının tələbələri və hazırda ADMİU-da təhsil alan Qazaxıstan Respublikasından gələn tələbələr iştirak ediblər.