TÜRKSOY-un təşkilatçılığı, Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Daşkənddə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda keçirilən keçirilən I “Türk dövlətləri tələbə tamaşaları teatr festivalı” öz işini yekunlaşdırıb.
Xəbər verdiyimiz kimi, festivala ADMİU-nun nümayəndə heyəti universitetin rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə iştirak edirdilər.
Səfər çərçivəsində rektor Ceyran Mahmudova Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi və Özbəkistanda Azərbaycan Milli Mədəniyyət Mərkəzinin 20 illiyi münasibətilə keçirilən “Özbək-Azərbaycan qardaşdır-millətlərə ulduzdur” adlı qala konsertində iştirak edib. Konsertdə ADMİU-nun "Muğam sənəti" kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov və həmin kafedranın baş müəllimi, Xalq artisti Gülyanaq Məmmədova da çıxış ediblər.
Festivalın son günündə yekun tədbir keçirilib. Tədbirdə ADMİU-nun rektoru professor Ceyran Mahmudova Azərbaycan və Türk mədəniyyətinin, incəsənətinin inkişafında və təbliğində göstərdiyi səmərəli fəaliyyətinə görə “TÜRKSOY 30-cu il medalı”na layiq görülüb.
Daha sonra festivalın nəticələri açıqlanıb. Festivalın münsiflər heyətində ADMİU-nun kafedra müdiri, professor İsrafil İsrafilov da təmsil olunub.
Yekun nəticələrə görə ADMİU-nun Dram teatrı və kino aktyoru ixtisası üzrə III təhsil ili tələbəsi Ləman Səlimova Tuncer Cücənoğlunun “Uçqun” psixoloji dramındakı gənc qadın roluna görə “Ən yaxşı qadın rolu” mükafatına layiq görülüb.
Qeyd edək ki, kursun rəhbəri Əməkdar artist dosent Yaqut Paşazadədir.