
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi ADMİU nəzdində Humanitar Kollecdə müasir təhsil prosesinin kitabxana-informasiya təminatının optimallaşdırılması, innovasiyaların tətbiqi və tələbatçıların sorğularının operativ yerinə yetirilməsi məqsədilə müəssisənin kitabxanasının elektron kataloq sisteminin və rəqəmsal kitabxanasının yaradılmasına dəstək göstərir. Kitabxana-biblioqrafiya və informasiya axtarış proseslərinin elektronlaşdırılması, sənəd resurslarının tipoloji və mövzu təsnifatına əsasən fondun səmərəli formalaşdırılması və nəşrlərdən istifadənin dolğunluğunu təmin etmək üçün kollecdə “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin (AKİS) tətbiqinə başlanılıb.
Kitabxana fondunun elektron kataloqlaşdırılması prosesinin uğurla həyata keçirilməsi məqsədilə “İRBİS-64” sisteminin istifadəsi ilə bağlı kollec əməkdaşlarına 1 ay müddətində ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində Tamilla Əsgərova tərəfindən təlim keçirilib. Təlim bitdikdən sonra kollec kitabxanasında “İRBİS-64” AKİS-in texniki proqram təminatı kompüterə yüklənilib. Lokal şəbəkə texnologiyasında fəaliyyət göstərən AKİS vasitəsilə analitik biblioqrafik informasiya bazası yaradılıb və fondda Azərbaycan dilində latın qrafikasında olan nəşrlər (dərslik, dərs vəsaiti, bədii ədəbiyyat, not və elektron nəşr) elektron kataloqa daxil edilib. Xarici dillərdə olan kitabların rəqəmsal kataloqlaşdırılması prosesinə isə yeni başlanılıb.
Analitik biblioqrafik informasiya bazasında AKİS-ə daxil edilən hər bir nəşrin elmi biblioqrafik təsvirində çoxlu sayda açar söz yazılıb və annotasiya tərtib olunub. Müasir sənəd-informasiya ehtiyatlarının elektron kataloqu kitabxananın oxu zalında lokal şəbəkədə Humanitar Kollecin oxucularının istifadəsinə verilib.
İnformasiya tələbatçılarının sorğularının tam və operativ ödənilməsi prosesində elektron kataloqda biblioqrafik axtarışın aşağıdakı formaları geniş istifadə olunur:
- Mövzu üzrə axtarış. Mövzu üzrə axtarış təsvirlərin başlıqları üzrə aparılır ki, bazanın axtarış sistemində orada yer alan hər bir resursun axtarışı nəzərə alınaraq indeksləşdirilib.
- Açar sözə görə axtarış. Bu axtarış verilənlər bazasında olan təsvirlərdəki bütün mühüm sahələrdəki uyğun sözləri və ya frazaları aşkarlayır. Elektron kataloqun analitik biblioqrafik verilənlər bazasında açar söz kimi sərlövhə və ya mövzunun məzmununu əks etdirən mühüm sözlər götürülür.
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi Humanitar Kollec kitabxanasında rəqəmsal kitabxananın yaradılması, kitabxana-biblioqrafiya və informasiya xidmətlərinin təkmilləşdirilməsi, operativliyin və səmərəliliyin artırılması, kitabxana fondunu təşkil edən mədəni və elmi irsin saxlanılmasında müasir üsulların tətbiqi və yeni mənbələr cəlb olunmaqla fondun genişləndirilməsi məqsədilə metodiki dəstəyini mütəmadi olaraq davam etdirir.