18-19 may tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı beynəlxalq forumu keçirilib.
Forumun məqsədi xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin önəmi, maraqlı tərəflərin prosesdə iştirakına dair müzakirələr, həmçinin bu sahədə qabaqcıl təcrübənin öyrənilməsidir.
Forumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, Tədris işləri üzrə prorektor dosent Nigar Rüstəmova, Təhsilin keyfiyyəti və strateji planlama departamentinin müdiri Nizami Əsədov iştirak ediblər.
Forumda açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilmiş nəticələr, həmçinin agentliyin potensialının gücləndirilməsi istiqamətində beynəlxalq donorlarla əməkdaşlıq və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Əsas məruzəçilərdən olan elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycanın ali təhsilində keyfiyyət təminatı sahəsində atılmış addımlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. İdris İsayev “Ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları”nın hazırlanması zamanı istifadə edilən yanaşma və müvafiq meyarların ali təhsil müəssisələrinə verəcəyi töhfələr barədə danışıb.
Qeyd edək ki, iki gün davam edən konfransın ilk günündə çıxışlar zamanı ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər məsələlərə toxunulub.
Eyni zamanda, panel müzakirələr zamanı təhsil proqramlarının dizaynı, xarici keyfiyyət təminatında tələbə təmsilçiliyinin önəmi və probleməsaslı öyrənmənin təmin edilməsində istifadə olunan yanaşma və strategiyalar haqqında fikir mübadiləsi aparılıb.