Dekabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Elm və Təhsil Nazirliyinin tabeliyində Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosial-mədəni fəaliyyət” kafedrasının müəllimi, layihə rəhbəri Ülkər Rzayeva və müəllim Günel İbrahimova sosial iş ixtisasında təhsil alan III və IV kurs tələbələri ilə “Musiqi sənəti” fakültəsinin Xalq çalğı alətləri və Aşıq sənəti ixtisaslarının III və IV kurs tələbələrin uşaqlar üçün reabilitasiya mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuş, sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış xidmətlər haqqında məlumatlandırılmışlar.
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün” reabilitasiya mərkəzinin direktoru Nurlana xanım İbadullayeva mərkəzdə reabilitasiyaya cəlb olunan uşaqlar haqqında informasiya verib, reabilitasiya mərkəzinin əsas vəzifəsinin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə adaptasiya olunmasını təmin etməkdən ibarət olmasını qeyd edərək, onların qidalanması, asudə vaxtlarının necə səmərəli keçirilməsi, psixoloji və digər problemlərinin həlli istiqamətində görülən tədbirlərdən bəhs edib. O, qeyd edib ki, mərkəz dövlətimizin xüsusi qayğısı və diqqət mərkəzindədir.
“Sosial rifahımız” layihəsi çərçivəsində baş tutan üçüncü görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri və Aşıq sənəti ixtisaslarının III və IV kurs tələbələri tərəfindən uşaqlar üçün konsert proqramı təqdim olunub.
Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Sosial iş ixtisasının 2,3 və 4-cü kurs tələbələri burada qalan uşaqlarla yaxından tanış olub, onlara göstərilən xidmət ilə maraqlanıblar.
Qeyd edək ki, “Sosial rifahımız” layihəsi Sosial-mədəni fəaliyyət kafedrasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının (ADMİU TGT) təşkilatçılığı ilə tələbələrin sosial baxımdan həssas təbəqələrə aid şəxslərlə mütamadi görüş əsnasında rifahlarının yaxşılaşdırılması üçün vacib amillərin öyrənilməsi, həmçinin nəzəri biliklərinin praktikada tətbiqi məqsədilə həyata keçirilir.