Yaradıcı insanların, müəllim və pedaqoqların sənətə, elmə, təhsilə bəxş etdikləri dəyərləri kimi, onların özləri də xalqın dəyərli varidatlarıdır. Azərbaycan musiqi sənəti tariximizin hansı səhifəsini açsaq xalqımızın hər zaman cahanşümül şəxsiyyətlərinə və onların bütün sahələrdə yaratdıqları sənət nümunələrinə rast gəlirik. Ən önəmlisi isə bu kimi şəxlərin yaşayıb-yaratdıqları həyatı, ömür səhifəsi yeni nəsil üçün bir örnəkdir.
Özünəməxsus zəngin yaradıcılıq və pedaqoji yolu keçən Elmar Sultanov 1967-1972-ci illərdə Moskva Dövlət Konservatoriyasının nəzdində olan, Musiqi Kollecində görkəmli gitara ifaçısı, təcrübəli pedaqoq, dirijor və gözəl bəstəkar Aleksandr Mixayloviç İvanov-Kramskoyun sinfində təhsil almışdır. Təhsilini başa vurandan sonra Bakıya qayıdan Elmar Sultanovun təşəbbüsü ilə Georgi Şaroyev adına orta ixtisas musiqi məktəbində gitara sinfi açılır. Bir müddət sonra paytaxtımızın 2 saylı, 3 saylı və 21 saylı musiqi məktəblərində də gitara sinfi fəalliyyət göstərməyə başlayır. Tədricən bir çox musiqi məktəblərində açılan gitara sinfində artıq Elmar Sultanovun tələbələri alətin bütün sirrlərini aşılamaqla yeni nəsil gitara ifaçılarının yetişməsində rol oynayırlar.
50 illik pedaqoji fəaliiyyəti müddətində E.Sultanov gitaranın tətbiqi və inkişafı ilə aktiv şəkildə məşğul olmuşdur. Azərbaycan xalq və bəstəkar melodiyalarını işləməklə o, çağdaş gitara alətinin zərif tellərində doğma melodiyalarımızın yeni bir nəfəsdə səslənməsini gənc nəslə çatdırmağa nail olmuşdur. Onun sinfini bitirən çoxsaylı şagird və tələbələr Bakıda olduğu kimi Moskva və digər şəhərlərdə də, hətta, bir çox ölkələrdə müəllim və ifaçı kimi fəaliyyət göstərirlər. Gitara alətini əyani şəkildə təbliğ etmək məqsədi ilə E.Sultanov 1976-cı ildə 3 saylı musiqi məktəbinin şagirdlərindən ibarət ansambl yaradır. Məhz həmin ansambl ilk dəfə olaraq şəhərimizin müxtəlif konsert və muzey salonlarında, musiqi müəssisələrində gitara aləti üçün yazılmış və işlənmiş əsərlərdən ibarət proqram ilə çıxış edirlər.
2004-cü ildə E.Sultanov, bir neçə il fasilədən sonra, təkrar yeni ansambl, “Sehrli simlər” adlı ansamblını yaradır. 10 il ərzində ansambl müxtəlif musiqi məktəblərində, Dövlət Musiqi Mədəniyyəti Muzeyində, Niyazinin ev muzeyində, Dövlət İncəsənət Muzeyində, Bülbül adına orta ixtisas musiqi məktəbində, həmçinin, A.Zeynallı adına musiqi kollecində, Kapellhauzda, Bakı Musiqi Akademiyasının böyük zalında uğurla çıxış etmişdir. Ansamblın repertuarına Avropa bəstəkarlarının əsərləri ilə yanaşı daima Azərbaycan bəstəkarlarının və eyni zamanda xalq mahnılarının gitara üçün işləmələri də daxil olmuşdur. Onu da qeyd edək ki, E.Sultanov milli musiqimizə aid çoxsaylı işləmələrin müəllifidir.
2016-cı ildən E.Sultanov ADMİU-nun Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasında müəllim kimi fəaliiyyət göstərir. Bu illər ərzində onun tələbələri çoxsaylı tədbirlərdə, respublikamızda keçirilən müsabiqələrdə uğurla çıxış etmişdilər. Onu da qeyd edək ki, Azərbaycan ali musiqi tədrisi müəssisələri sırasında gitara ixtisası yalnız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunur.
80 illik yubileyini qeyd edən gitara ifaçısı, tələbə və şagirdləri tərəfindən sevilən gözəl müəllim və pedaqoq Elmar Sultanov yəqin ki, erkən yaşlarında, tarixi qədim keçmişə bağlı olan gitara alətinin ilk səsini duyarkən və onu ifaçı kimi əlinə alarkən ömrünü bu alətin ölkəmizdə tətbiqinə və inkişafına həsr edəcəyinə qərar vermişdir. Qərarında uğur qazanan Elmar müəllimə möhkəm can sağlığı arzu edərək ona bu yaradıcılıq və pedaqoji fəaliyyətində yeni-yeni ömür səhifələri açmağı diləyirik!