Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova və Elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar Mədəniyyət işçisi, dosent Sədaqət Əliyeva “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı seminarda iştirak edirlər.
Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya İnstitutu (KTH) ev sahibliyi edir.
16-20 may tarixlərini əhatə edən tədbirə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli, ölkəmizin 15 ali təhsil ocağının rəhbər şəxsləri qatılıblar.
Bakı Biznes Universitetinin koordinatoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tərəfdaşı olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində təşkil olunan tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya Universitetinin, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub.
Seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər- 2030 gələcəyə baxış” mövzusunda təqdimatı həyata keçiriləcək.