Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektorunun müşaviri, Əməkdar İncəsənət xadimi, professor Validə Məmmədova Qazaxıstanın Beynəlxalq Müstəqil Akkreditasiya və Reytinq Agentliyi tərəfindən “Təşəkkürnamə” və “Ən yaxşı ekspert sertifikatı” ilə təltif olunub.
Validə Məmmədova sözügedən Agentliklə əməkdaşlığı və təltif haqqında bunları deyib: “Qazaxıstan Respublikasının Avropa təhsil məkanında tanınan Beynəlxalq Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin 10 illik yubileyi münasibəti ilə bu nüfuzlu təşkilatın 4000 ekspertindən ancaq 200 nəfərinin içində mənə “Təşəkkürnamə” və “Ən yaxşı ekspert sertifikatı” verilməsini təkcə özümün deyil, eyni zamanda, bizim universitetin nəaliyyəti hesab edirəm.
Mən artıq 9 ildir ki, IAAR-ın Qazaxıstan Respublikasının Beynəlxalq Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin ekspertiyəm.
IAAR-Qazaxstan Respublikasında fəaliyyətini beynəlxalq standartlara uyğun quran ilk agentlikdir. ENQA-Avropanın Ali Təhsildə Keyfiyyət Təminatı Assosiyası kimi mötəbər təşkilatın tamhüquqlu üzvü olaraq 2016-ci ildən beynəlxalq statusa malikdir və 2021- ci ildə auditdən keçərək bunu bir daha təsdiq edib”.
Qeyd edək ki, Validə Məmmədova Agentlik xətti ilə Qazaxstan, Qırğızıstan, Tacikistan, Rusiya, Moldovanın mədəniyyət və incəsənət təmayüllü və pedaqoji universitetlərinin beynəlxalq akkreditasiyasında iştirak edib.